Ən son xəbərlər:

07.09.2023/15:55/ Brüssel Tbilisinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənir

Brüssel Tbilisinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənir.

xeberaz.info xəbər verir ki, Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Gürcüstanın sivil.ge xəbər agentliyinə bildirib ki, Brüssel Tbilisinin Rusiyaya birbaşa uçuşları bərpa etmək qərarından təəssüflənir.

Biz  Gürcüstan  hökumətinin Rusiya ilə uçuşların bərpasına və sanksiyalar altında olan şəxslərin Gürcüstan ərazisinə daxil olmasına icazə vermək qərarına görə çox təəssüflənirik, – diplomat belə bildirib.

Borrell vurğulayıb ki, bu cür qərarlar Avropa İttifaqının siyasətinə və Ukraynadakı silahlı münaqişə səbəbindən Rusiya Federasiyasının beynəlxalq səviyyədə təcrid edilməsi səylərinə ziddir.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri əlavə edib ki, Brüssel İttifaqın tərəfdaş ölkələrindən və onun bir hissəsi olmaq istəyənlərdən Avropanın siyasi qərarlarına əməl edəcəklərini gözləyir.

Josep Borrell sentyabrın 7-də Tbilisiyə gələcək. İki günlük işgüzar səfəri zamanı o, Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İlya Darçiaşvili ilə danışmaq niyyətindədir. Borrell Gürcüstan parlamentində də olacaq.

Bu ilin mayında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi haqqında fərman imzalayıb. Digər fərmanla isə Rusiya aviaşirkətlərinin uçuşlarına və respublikaya turların satışına qoyulan qadağanı aradan qaldırıb. Ölkələr arasında uçuşlar mayın 19-dan bərpa edilib.