Ən son xəbərlər:

19.11.2022/19:22/ Teymur Musayev: Bizim üçün əsas məsələ – tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin edilməsi və ən əsası savadlı kadrların hazırlanmasıdır

Səhiyyə Nazirliyində tibb kolleclərinin rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı çıxış edən səhiyyə naziri Teymur Musayev Azərbaycanda orta tibb təhsilinin şərəfli tarixə malik olduğunu bildirib. Onun sözlərinə görə, respublikanın görkəmli həkim və alimlərinin müxtəlif dövrlərdə çalışdıqları tibb kolleclərinin məzunları səhiyyəmizin inkişafına dəyərli töhfələr veriblər.

“Lakin əldə olunan nailiyyətlərlə yanaşı, çətinliklər də mövcuddur və biz bütün diqqətimizi onların həllinə yönəltməliyik. Bizim üçün əsas məsələ – tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin edilməsi və ən əsası savadlı kadrların hazırlanmasıdır.

Nazir çıxışında Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıdığını vurğuladı: “Məhz bu dəstəyin nəticəsidir ki, son illərdə ölkəmizdə yüzlərlə tibb müəssisəsi tikilib istifadəyə verilib”.

İlkin səhiyyə xidmətlərinin inkişaf etdirilməsi üçün tibb işçilərinin, xüsusilə tibb bacılarının intensiv təlimlərə cəlb edilməsinin vacibliyini vurğulayan Teymur Musayev Səhiyyə Nazirliyinin təşəbbüsü ilə gələn il Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Simulyasiya və Təlim Mərkəzinin yaradılacağını bildirdi.

Nazir həmçinin ölkədəki tibb kolleclərində mövcud problemlərin monitorinqi üçün işçi qrupunun yaradılacağını da görüş iştirakçılarının nəzərinə çatdırıb: “Bununla yanaşı, tələbələrin intellektual qabiliyyətlərinin inkişafı bizim üçün çox vacibdir. Son onilliklərdə elmi nailiyyətlərə və onların imkanlarına maraq artır.

Müasir informasiya texnologiyaları və rəqəmsal yeniliklər həyatımızı əhəmiyyətli dərəcədə dəyişir. Tibb elmi XX əsrin sonundan bəri rəqəmsal dünyaya sürətlə daxil olan ilklərdən biridi. Bütün bunları nəzərə alaraq, yaxın gələcəkdə Vahid Elektron Kitabxana Sistemi yaradılacaq və tibb kolleclərinin tələbə və müəllimlərinin istifadəsinə veriləcək”.