Ən son xəbərlər:

17.11.2022/23:11 / Göygöl rayonu üzrə fermer qadınlarının iştirakı ilə seminar keçirilib

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində qadın fermerlərin iştirakı ilə görüş keçirilib. Görüşdə çıxış edən natiqlər Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsinin regionlarda aqrar məşğulluğun artırılmasında, qadın fermerlərin aqrar fəaliyyətə təşviqində və ailə təsərrüfatlarının inkişafında mühüm rolu olduğunu vurğulayıblar. Layihənin dəstəyi qadın fermerlərin işini stimullaşdırır və onların daha çox gəlir əldə etməsinə imkan yaradır.

Layihəsi çərçivəsində göstərilən budəfəki dəstək tədbirindən Göygöl rayonunun Balçılı, Qırıqlı və Üçbulaq kəndlərindən olan ümumilikdə 7 qadın fermer faydalanıb. Qadın fermerlərin müraciətləri əsasında təsərrüfatlara baxış keçirilib və qiymətləndirmə sorğuları aparılıb.

Qiymətləndirmə sorğularına əsasən, qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (süd çəkən maşın, dən üyüdən avadanlıq, ot doğrayan avadanlıq, arı yeşikləri, arı ailələri, bal süzən avadanlıq və s.) ilə təmin olunublar. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.

Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev iştirak ediblər.