Tarixə nəzər salsaq oradan aydın görərik ki, xalqın yeganə ümid mənbəyi olan Ulu Öndər Heydər Əliyev 1987-ci ildə Moskvada SSRİ rəhbərliyindən kənarlaşdırıldı. Bunun arxasında Azərbaycan xalqının düşməni və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən Mixail Qorbaçov dayanmışdı.
Məhz bu hadisədən sonra keçmiş İttifaqın ermənipərəst rəhbərləri və erməni lobbisi Dağlıq Qarabağda separatçı hərəkətlərə rəvac verdilər. Bu, həm də 1988-ci ildə 250 mindən artıq soydaşımızın Ermənistandan kütləvi deportasiyası ilə nəticələndi. Məqsəd aydın idi – Qarabağı Azərbaycandan qoparmaq. Bunun ardınca Sumqayıtda provokasiya törədildi və bu təxribatı azərbaycanlıların üzərinə yıxmağa cəhd etdilər. Bundan sonra Qarabağda separatizm ciddi surətdə baş qaldırdı.
1988-ci ildən başlayaraq Azərbaycanda dərinləşməkdə olan ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı, həmçinin cəbhəçilərin təxribatçı davranışları sovet qoşunlarının Bakıya yeridilməsi və 1990-cı ilin qanlı 20 Yanvar hadisələri ilə nəticələndi. Qanlı faciəyə ilk olaraq kəskin etirazını bildirən və ən dəqiq və obyektiv tarixi qiyməti verən də Ulu Öndər Heydər Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat ünvanladı. Bu cəsarətli çıxışdan ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da geniş vüsət aldı.
Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi və xalq Ulu Öndəri hakimiyyətdə görmək arzusu ilə yaşayırdı. Amma o zaman hakimiyyətdə olan milli xəyanətkarlar hər vəchlə buna mane olurdular. Heydər Əliyev Moskvada çəkinmədən, Sovet İttifaqının hələ gücü olan bir zamanda Qorbaçovu, sovet rəhbərliyini Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə açıq şəkildə ittiham etdi. Bundan sonra Ona qarşı təzyiqlər daha da artdı. 1990-cı ilin yayında Bakıya gələn Ümummilli Lider Heydər Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin il noyabrın 17-də Muxtar Respublikanın Ali Məclisinin Sədri seçildikdən sonra siyasi fəaliyyətini orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə düşmüş Naxçıvanın ağır problemləri ilə məşğul olmağa başladı.
AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması, bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru