Ən son xəbərlər:

07.03.2023/ 20:15 / Qonşu ölkələr Əfqanıstana yeni humanitar yardımın göstərilməsini müzakirə edəcək

Qonşu ölkələr Əfqanıstana yeni humanitar yardımın göstərilməsini müzakirə edəcək.

xeberaz.info-nun məlumatına görə bir neçə ölkənin – Əfqanıstanın qonşuları və Rusiyanın xüsusi nümayəndələri Daşkənddə əfqan xalqına yeni humanitar yardım göndərilməsinə həsr olunmuş iclas keçirəcəklər. Bu barədə bu gün, martın 7-də Sputnik Tacikistan xəbər agentliyi Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Tədbirdə Özbəkistan, İran, Çin, Pakistan, Rusiya, Tacikistan və Türkmənistanın nümayəndələri iştirak edəcəklər.

Gözlənilir ki, tədbir iştirakçıları Əfqanıstandakı mövcud vəziyyəti müzakirə edəcək və vəziyyətin həlli və ölkədə sülh və sabitliyin bərqərar olması üçün tərəflər arasında qarşılıqlı fəaliyyət məsələlərini, habelə Əfqanıstan xalqına humanitar yardımın göstərilməsi planlarını nəzərdən keçirəcəklər.

Xatırladaq ki, bu günə qədər Əfqanıstanda iqtisadi vəziyyət son dərəcə ağır olaraq qalır. BMT-nin məlumatına görə, təqribən 22,8 milyon əfqan daim qida çatışmazlığından əziyyət çəkir, daha 8,7 milyon insan isə tamamilə acdır.