Ən son xəbərlər:

08.12.2023/08:38/ Danimarka qanuni olaraq Quranın yandırılmasını qadağan edib

Danimarka qanuni olaraq Quranın yandırılmasını qadağan edib.

xeberaz.info xəbər verir ki, Danimarka parlamenti Quran, İncil və Tövrat kimi dini kitabların yandırılmasını qadağan edən qanun layihəsinin lehinə səs verib.

Bu barədə Danimarkanın ictimai yayım şirkəti DR məlumat yayıb. Qərar hakim partiyaların nümayəndələrinin 94 səsi ilə təsdiq edilib, 77 deputat əleyhinə səs verib. Dini kitabları murdarlamaq, tapdalamaq və ya parçalamaq da qanunsuz olacaq.

Ədliyyə naziri Peter Hummelgaard cümə axşamı parlamentdəki müzakirələrə qatılmayıb, lakin əvvəllər qanunvericiliyin vacib olduğunu söyləyib.

Təklifin məqsədi Danimarkalıların təhlükəsizliyini qorumaqdır. Biz sui-istifadəni cinayət hesab etdiyimiz zaman, danimarkalıların təhlükəsizliyini təhdid edən cinayətkarlara qarşı tədbir görürük,- o, keçən həftə qanun təqdim olunanda belə deyib.

Lakin layihənin əleyhinə səs verən 8 müxalifət partiyası qanunu fərqli şərh edir.

Bu qanun Danimarkada bu ilin yayından intensiv şəkildə müzakirə olunur. Hökumət bunu xüsusilə xarici ölkə səfirlikləri qarşısında baş verən və digər, xüsusilə də müsəlman ölkələrində kəskin reaksiyaya səbəb olan çoxsaylı Quran yandırmasının qarşısını almaq üçün təklif edib.