Ən son xəbərlər:

14.09.2023/12:35/ Paşinyan Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirə bilmədiklrini iddia edir

Paşinyan Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirə bilmədiklrini iddia edir.

xeberaz.info xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib. Onun fikrincə, Rusiya sülhməramlılarının oraya gəlişindən sonra regionda vəziyyət daha da pisləşib.

Rusiya sülhməramlıları öz tapşırıqlarının öhdəsindən gələ bilmədilər. Amma deyə bilmərəm ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı, – Ermənistanın baş naziri “Politico”ya müsahibəsində belə bildirib.

Nikol Paşinyan bildirib ki, Azərbaycanın Laçın dəhlizinin qarşısını kəsməsindən sonra regionda təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib. O hesab edir ki, Rusiya əslində artıq Azərbaycana təsir göstərə bilməz.

Həmin müsahibədə Nikol Paşinyan Azərbaycanla münaqişənin yenidən başlaması ilə bağlı qorxuların artdığı bir vaxtda belə, Ermənistanın artıq Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilməyəcəyi fikrini ifadə edib. Cənab Paşinyan izah edib ki, Ermənistanın hazırkı strategiyası başqalarından asılılığı mümkün qədər azaltmaqdır.

Nikol Paşinyan ilk dəfə deyil ki, Rusiyanı açıq şəkildə tənqid edir. Belə ki, sentyabrın 3-də İtaliyanın “La Repubblica” qəzeti Ermənistanın baş naziri ilə müsahibə dərc edib və o, Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılılığının səhv olduğunu və Rusiyanın regionu tərk etməsinə imkan verdiyini bildirib. O, həmçinin bildirib ki, Rusiya sülhməramlıları Laçın dəhlizinə nəzarət etmədikləri üçün 9 noyabr 2020-ci il tarixli razılaşmanın şərtlərini yerinə yetirmirlər. Rusiya tərəfi cənab Paşinyanın sözlərini qəbuledilməz hesab edib.