Özbəkistanda vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən geyimlər qadağan edilir.
xeberaz.info xəbər verir ki, Özbəkistan parlamentinin qanunvericilik (aşağı) palatası qanunvericiliyə ictimai yerlərdə üzü gizlədən və ya şəxsin tanınmasını çətinləşdirən paltar geyinməyi qadağan edən dəyişiklikləri qəbul edib. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, palatanın plenar iclasında İnzibati və cinayət məcəllələrinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi qəbul edilib.
İctimai yerlərdə vətəndaşların şəxsiyyətini müəyyən etməyə imkan verməyən paltar geyinməyə görə inzibati məsuliyyət tədbiri tətbiq edilir, – deyə məlumatda bildirilir. Mətbuat xidmətinin məlumatına görə, qanun layihəsi təsdiq olunmaq üçün Senata (parlamentin yuxarı palatası) göndərilib.
Qanun layihəsinin respublikada ictimai asayişin qorunmasına yönəldiyi və analoji qanunların bir sıra ölkələrdə, xüsusilə Hindistan, İndoneziya, Qazaxıstan, Mərakeş və bəzi Avropa dövlətlərində mövcud olduğu qeyd edilir.
Həmçinin bildirilir ki, iş və ya xidmət fəaliyyəti ilə bağlı geyimlər, habelə tibbi səbəblərə görə üzü gizlətmək də istisna ola bilər.