Ən son xəbərlər:

04.09.2023/16:16/ Uolles “Chinook” helikopterlərinin tədarükü ilə bağlı müqaviləni pozmağa cəhd edib

Uolles “Chinook” helikopterlərinin tədarükü ilə bağlı müqaviləni pozmağa cəhd edib.

xeberaz.info xəbər verir ki, “The Times” qəzetinin yazdığına görə Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles vəzifəsini tərk etməzdən bir müddət əvvəl ABŞ-dan “Chinook” helikopterlərinin tədarükü ilə bağlı müqaviləni pozmağa cəhd edib.

Müqavilə Amerikanın Boeing şirkətinin istehsalı olan 14 ədəd Chinook H-47 helikopterinin alınmasını nəzərdə tuturdu. İlk helikopterin 2026-cı ilə qədər Britaniyaya təhvil verilməsi gözlənilirdi.

Uolles İngiltərə Müdafiə Nazirliyinin xərclərini azaltmaq üçün müqaviləni ləğv etməyi təklif edib. Uolles ABŞ-ın müdafiə naziri Lloyd Ostinə göndərdiyi 10 avqust tarixli məktubda müqaviləni ləğv etməyi düşündüyünü bildirib.

Qəzet iddia edir ki, eyni zamanda Uolles təkcə vertolyotların qiymətinə görə deyil, həm də ABŞ-ın onun NATO baş katibi postuna namizədliyini dəstəkləməməsindən narazı olduğu üçün müqaviləni ləğv etməyə çalışıb.

Uolles dörd il vəzifədə qaldıqdan sonra istefa verib. Böyük Britaniyanın keçmiş energetika naziri Qrant Şapps müdafiə naziri vəzifəsinə təyin edilib.

Chinook helikopteri (CH-47) əsasən şəxsi heyətin və avadanlıqların daşınması üçün istifadə olunur və iki M134 7,62 mm pulemyot və eyni çaplı M60D pulemyotu ilə silahlanıb.