Ən son xəbərlər:

05.05.2023/ 06: 23/ Rumınların yarıdan çoxu Rumıniya və Moldovanın birləşməsini istəmir

Rumınların yarıdan çoxu Rumıniya və Moldovanın birləşməsini istəmir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rumınların yarıdan çoxu, 54%-i  Rumıniya və Moldovanın “gələcəkdə” birləşməsini dəstəkləmir. Bunu “Avanqard” sosioloji xidmətinin cümə axşamı dərc etdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 31%-i iki ölkənin birləşməsini dəstəkləyib. Sorğu həmçinin göstərib ki, sabah Moldova ilə birləşməyə dair referendum təşkil edilsə, Rumıniya sakinlərinin 31%-i lehinə, 50%-i isə əleyhinə səs verəcək.

“Siz Moldova Respublikasını şəxsən necə qəbul edirsiniz?” sualına Respondentlərin 57%-i “neytral”, 31%-i “kifayət qədər müsbət”, 9%-i “olduqca mənfi” cavabını verib.

Sorğu iştirakçılarına həmçinin “Rusiyanın Moldova Respublikasına hərbi müdaxiləsi halında” Rumıniyanın necə hərəkət etməli olduğu soruşulub. Respondentlərin 29%-i hesab edir ki, belə bir vəziyyətdə Rumıniya Moldova dövlətinə kömək üçün qoşun göndərməli olacaq, 56%-i isə bu ideyanı dəstəkləməyib. Respondentlərin 48%-i Moldovanın hərbi texnika ilə dəstəklənməsinin lehinə, 35%-i isə əleyhinə olub.

Moldovalıların siyasi oriyentasiyasını səciyyələndirən respondentlərin 16%-i onu “Rusiyayönlü”, 14%-i “Qərbpərəst” adlandırıb, 46%-i Moldova əhalisinin bu iki tendensiya arasında bərabər bölündüyünə inanır.

Sorğu aprelin 26-29-da telefon vasitəsilə aparılıb və orada 18 yaşdan yuxarı 850 ölkə vətəndaşı iştirak edib.